☲ ONLAYN SUAL-CAVAB ☲

Suallara cavab ödənişlidir! - 5 AZN / Onlayn və Terminalla
RSS
.
captcha
Bütün hüquqlar qorunur. © 2022 - AVTOSTOP.AZ
zhak

Salam, katalizator olmasa ne cerime tetbig oluna biler? Cerime meydancasina aparmag ixtiyari olur?

21:20 - 30.04.2024
Admin
AvtoStop admin

Əgər avtomobili istehsal edən zavod tərəfindən həmin avtomobildə eqzoz qazların katalizatoru ilə istehsal edibsə, sonra həmin detal ləğv edilibsə, bu avtomobilin nasazlığı kimi qəbul olunur və İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 (əlli) manat cərimə tətbiq olunur və nəqliyyat vasitəsi nasazlıq aradan qaldırılanadək müvəqqəti saxlama duracağına yerləşdirilir.

İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı - 50 (əlli) manat cərimə tətbiq olunur.

İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

İ.X.M. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

21:32 - 30.04.2024
Kamran

Salam hörmətli Avtostop komandası,
Hyundai Elantra mühərrik 1.6 buraxılış isə 2022-ci il avtomobil mənim adımadır hal-hazırda isə istəyirəm həyat yoldaşıma bağışlayım. DYP-də ərizə və müayinə arayışı hazırlanıb + notariusda bağışlama müqaviləsini təsdiq etdik. İndi isə rüsum ödənilməlidir, bildiyim qədər bağışlama üçün rüsum 20 AZN və Dövlər rüsumu haqqında AR Qanunu-n 18.65.3-1 maddəsinə əsasən yaxın qohumun adına dövlət qeydiyyatına alınması istisna təşkil edir.
Sual: Ümumi rüsum yalnız 20 AZN təşkil edir və texpasportun dəyişilməsi üçün rüsum ödənilmir?

09:55 - 29.04.2024
Admin
AvtoStop admin

Bəli. Mühərrik həcminə görə dövlət rüsumu (yaxın qohumlar arasında alqı-satqı yaxud bağışlama olduqda) 20 (iyirmi) manat təşkil edir. Dövlət qeydiyyat nişanının yenisinə ehtiyac yoxdursa, texniki müayinə talonunun müddəti bitməyibsə, yalnız qeydiyyat şəhadətnaməsinə (texpasporta) görə 30 (otuz) manat dövlət rüsumu ödənilir. Digər hər hansı ödəniş tələb oluna bilməz.

QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ RÜSUMU:
Dövlət Rüsumu haqqında Qanun,
Maddə 18.65.7. Qeydiyyat şəhadətnaməsinin verilməsi
18.65.7.1. avto-moto nəqliyyat vasitələri üçün - 30 (otuz) manat;

MÜHƏRRİK HƏCMİNƏ GÖRƏ RÜSUMDAN AZAD OLARAQ:
Dövlət Rüsumu haqqında Qanun,
Maddə 18.65.3.1. minik avtomobillərinin yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və övladlığa götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları ilə əlaqədar, habelə bu Qanunun 18.65.3-1-ci maddəsində nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün - 20 (iyirmi) manat;

10:02 - 29.04.2024
Ülvi

Salam, DYP əməkdaşı yük avtomobilini yük yerinin paslanmaz dəmirlə yığılmasına görə, yük yerinə çıxmaq üçün əlavə piləkən quraşdırılmasına görə və ön patpresdə cüzi çata görə 342.2.2 maddəsi ilə cərimə meydançasına apara bilərmi, apara bilərsə və bu hallar cərimə meydançasında aradan qaldırmaq mümkün deyilsə necə həll olunmalıdır? Təşəkkürlər

22:51 - 27.04.2024
Admin
AvtoStop admin

Sizin nəqliyyat vasitənizin bort platformasına qalxmaq üçün ayaqlığı yük avtomobilizin qabaritindən kənara çıxmırsa, bu digər yol hərəkəti iştirakçılarına təhlükə yaratmır. Lakin, avtomobilin zavod istehsalında nəzərdə tutulmayan əlavələr olunması qanunla yolverilməzdir.

Protokol İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi tərtib olunursa, həmin məcəllənin 98-ci maddəsi ilə nəqliyyat vasitəsinin istismarı qadağan edilir.

İ.X.M. 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni..
342.2.2. Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi - 150 (yüz əlli) manat cərimə tətbiq olunur.

İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Paradoks yaradan isə həmin İnzibati Xətalar Məcəlləsinin 97-ci maddəsidir.

İ.X.M. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Aydın məsələdir ki, bəzi təmir işlərini duracaqda yerinə yetirilə bilməz. Bu paradoks hələ də respublikada davam etməkdədir.
Sizin halda isə, rahat daşına bilən portativ qaynaq aparatı ilə həmin əlavə olunan ayaqlığı ləğv etmək mümkündür.

Qabaq şüşənin çat olmasına qaldıqda isə, avtomobilin ön şüşəsi İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan digər konstruksiya ünsürlərinə aiddir. Lakin, Yol Hərəkəti haqqında Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinin 1-ci bəndində "şüşə olmadıqda" nasazlığın aradan qaldırılması tələb olunur. Bu da o deməkdir ki, cərimə şüşə çatına görə tətbiq oluna bilməz.

Y.H.Q. 1 SAYLI ƏLAVƏ,
VII. Konstruksiyanın digәr ünsürlәri
1) Nәqliyyat vasitәsinin konstruksiyasında nәzәrdә tutulmuş arxanı göstәrәn güzgü, şüşә olmadıqda ..(nasazlıq aradan qaldırılır).

İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı - 50 (əlli) manat cərimə tətbiq olunur.

Protokolun qərarından istənilən halda məhkəməyə şikayət etmək hüququnuz var.

01:34 - 28.04.2024
Elshad

salam
26.04.24 tarixində baş etibarnamə əsasında oğluma verilən avtomobili öz adıma keçirilməsi ilə bağlı BDYP Qİİ müraciət etdim .Qanun cərcivəsində bütün prosesləri kecdikdən sonra,rüsumlar ödənildikdən sonra, ərazi üzrə baxan inspektor tərəfindən bank alqı satqı üzrə qəbzi bəhanə gətirərək, rəsmi imtina sənədi vermədən səbnədlərimi geri qaytararaqqeydiyyata salmaqdan imtina etdi.yol hərəkəti haqqında qanunun 27.6 bəndinə uyğun sənədlərim qaydasında olduğunu nəzrinə catdırılsa da sənədlərimi geri qaytardı.bu barədə 102,902qaynar xəttinə məlumat verilmiş, və daxili işlər naziri, yal polisi idarəsinin rəisinə onlayn şəkildə şikayət edilmişdir.
Qeyd olunanlarla bağlı, qanun cərcivəsində necə həll olunması ilə bağlı xahiş edirəm hüquqi köməklik göstərəsiniz.

18:42 - 26.04.2024
Admin
AvtoStop admin

Nağdsız hesablaşmalar haqqında Qanun.
3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər;

Gördüyünüz kimi, "pərakəndə satılan və bir əməliyyatda 4000 manatdan artıq olan ödəniş olarsa, nağd deyil, nağdsız hesablaşma ilə aparılır. Avtomobillər isə istisna edilir.
Bu da o deməkdir ki, avtomobil alqı-satqısı baş verdikdə, qiymətin 4000 yaxud bundan aşağı olarsa belə nağdsız hesablaşma ilə aparılmalıdır" deyilərək fiziki şəxslər aldadılır və nağdsız ödəniş qəbzləri tələb edilir.
Halbuki, 3.4.11-ci maddədən öncəki 3.4.10-cu maddədə kimlər nağdsız hesablaşma ilə alqı-satqı etməlidir göstərilir.

Alqı-satqı zamanı nağdsız hesablaşmanın fiziki şəxslərə aidiyyəti yoxdur və istəyə bağlı olaraq, hesablaşmanı nağdsız və ya nağdlı həyata keçirə bilərlər.

Həmin DYP İdarəsindən Baş Prokurorluğa dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə şikayət ünvanlaya bilərsiniz. (Tel: 961)

Habelə, şikayətdən sonra məsələ yenə DYP İdarəsinin üzərinə göndərilərsə, bu da qanuna ziddir. Nəzərinizə olsun.

Vətəndaşların müraciətləri haqqında Qanun,
Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

18:59 - 26.04.2024
Azer

Salam, ASAN kabinetimə 04.03.2024 tarixində 13.02.2024 tarixində İX (327.4 1.1, 1.3 və 1.11) törətməyim barədə protokol yerləşdirilib amma hec bir foto və video görüntü yoxdur. İX törədilib 13.02.24 tarixində amma ptokool tərtib edilib və yerləşdirilib 04.03.24 tarixində , qərar isə 14.03.24 tarixində vurulub və xətanı təsdiq edən hec bir görüntü yoxdur.Bu nə dərəcədə düzgündür. ASAN kabinetimdən və dyp.gov.az şikayət eymişəm amma hələdə cavab yoxdur. Mən nə etməliyəm ?

02:33 - 25.04.2024
Admin
AvtoStop admin

İ.X.M 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Göründüyü kimi sizə elektron qaydada protokol tərtib edilməli idi. Sizi bu inzibati maddə ilə TŞ kamerasından izləyərək sonra saxlayıb protokol tərtib edilə bilməz.

İ.X.M. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.

Bu protokolun sonradan tərtib edilməsi yalnız digər vətəndaşın şikayət ərizəsi əsasında, TŞ kameralarına baxış keçirərək baş tuta bilər.

İstənilən halda görüntüləri tələb edə, məhkəməyə dəlillər olmadığı üçün protokolun qərarından şikayət edə və cərimənin ləğv olunmasını xahiş edə bilərsiniz.

10:49 - 25.04.2024
Anar Muslumov

Maşınım BMW G30 530i 2020-ci ildir.
Maşın yalnız sport yəni M5-ə yığılıb. Yəni restayling və ya tunung sayılmır.
Dəyişilənlər, Krlo, bufer, səsboğucu, sükan və sport yaylardır. Hər biri M5 model üçün nəzərdə tutulmuşdur və normativ göstəricilərə cavab verir. Səs boğucu 75dB yüksək deyil. Bilmək istəyirənki qanun pozuntusu sayılır? Pozulursa hansı qanun və maddələri pozulur? Və yekun olaraq Sənədə M5 yazılmalıdırmı? Yazılacaqsa Tam olaraqa sənəddə hansı yazını yazmalıyıq?

20:57 - 24.04.2024
Admin
AvtoStop admin

Bu restaylinq sayılır. Çünki, səsboğucudan çıxış borusu bir deyil, ikili çıxış ilə əvəzlənib və konstruksiya dəyişikliyi sayılır, əgər zavod istehsalı olan səsboğucuda da ikili çıxış borusu idisə, bu zaman bu konstruksiya dəyişikliyi sayılmır. Digər detalların dəyişdirilməsinin isə problemi yoxdur.
Deyildiyi kimi əgər konstruksiya dəyişikliyi varsa, ixtisaslaşdırılmış avtomobil servisindən konstruksiyanın hər hansı ünsürünün dəyişdirilməsi barədə arayış alınmalı və DYP İdarəsinə təqdim olunmalıdır. Bunun əsasında qeydiyyat şəhadətnaməsi dəyişiklik edilməli və qeyd olaraq, tüninq və restaylinq olunması qeydiyyatı aparılmalıdır.
Qeydiyyat şəhadətnaməsinin dövlət rüsumu 30 manat təşkil edir və yeni qeydiyyat şəhadətnaməsi verilməlidir.

İ.X.M. 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni..
342.2.2. Normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi - 150 (yüz əlli) manat cərimə təşkil edir.

İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi -
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

21:47 - 24.04.2024
Azər

Salam. Mən 2008-ci istehsalı olan mazda 6 avtomobili idarə edirəm. Avtomobilin mühərrik həcmi 2500 sm kubdur. Avtomobilin nömrəsi 90 ** 002 dir (hərflər qoşa deyil) . Avtomobil başqa şəxsin adınadır və mənə və atama generalni etibarnamə verilib. Mən nömrə SAXLANILMAQ şərti ilə maşını öz adıma rəsmiləşdirmək istəyirəm. Bilmək istəyirəm ki, mənə hansı sənədlər lazımdır və nə qədər rüsum ödəməliyəm? Əvvəlcədən təşəkkürləe

18:49 - 21.04.2024
Admin
AvtoStop admin

Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqələriniz, avtomobilin qeydiyyat şəhadətnaməsi, alqı-satqı və ya bağışlanma müqaviləsi, atanıza verilən etibarnamə, ödəniləcək ödənişlərin qəbzləri;

Rüsumlar:
1. Alqı-satqı və ya bağışlanma müqaviləsinə görə notariat xərci - 35+5.25 (40.25) manat - (yaxın qohumlar arasında);
2. Mühərrik həcminə görə dövlət rüsumu - 20 manat (mühərrik həcmindən asılı olmayaraq - yaxın qohumlar arasında);
3. Qeydiyyat şəhadətnaməsi rüsumu - 30 manat;
4. Dövlət qeydiyyat nişanı (nömrə) yerində qaldığına görə - 0 manat;
5. Texniki müayinə (talonun müddəti bitibsə) - 30 manat;

QEYD: Texniki müayinənin müddəti bitməyibsə, avtomobilin ban və mühərrik nömrəsinə baxış keçirilməsinə görə rüsum ödənilmir və tələb oluna bilməz.
Habelə, avtomobilin utilizasiya haqqı kimi 30 manat tələb olunarsa, bu da əsassızdır, dövlət rüsumu haqqında qanuna əlavə edilmədiyi üçün tələb oluna bilməz.

Yuxarıda göstərilən müddəalar Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunla tənzimlənir.

21:41 - 21.04.2024
Rəşad

Salam,dəniz kənarında boş ərazidə sürücülük vəsiqəsi olmayan şəxs 16-17 yaş)nəqliyyat vasitəsini(öyrənmək üçün)idarə edərkən post patrul xidmətinin əməkdaşları şəxsi nəqliyyat vasitəsində(öz maşınları ilə)yaxınlaşıb,bunun qayda pozuntusu olduğunu bildirdilər və cəriməsi olduğunu dedidər.Bilmək istərdim ki ,bu belədirmi və onların buna müdaxilə etmək səlahiyyətləri var?

16:15 - 21.04.2024
Admin
AvtoStop admin

Nəqliyyat vasitəsini yalnız təlim avtomobillərində, ixtisaslaşdırılmış sürücülük kurslarının təlimçiləri ilə birlikdə idarə etmək olar.

İ.X.M. 332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi - 100 (yüz) manat cərimə tətbiq olunur.

Bu maddənin tətbiqi üçün isə sürücülük hüququ olmayan şəxs avtomobili yolun hərəkət hissəsində olmalıdır. Parkinqlərdə, öz həyətinizdə, özəl ərazilərdə olan zaman cərimə tətbiq oluna bilməz.

Habelə, yanınızda olan sürücülük hüququ olmayan şəxs yol hərəkəti hissəsində avtomobili idarə etdiyi halda, avtomobilin sahibi yaxud idarə etmək və sərəncam vermək hüququ olan şəxs də cərimə olunur.

İ.X.M. 335.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi - fiziki şəxslərə - 60 (altmış) manat, vəzifəli şəxslərə - 200 (iki yüz) manat, hüquqi şəxslərə - 2000 (iki min) manat cərimə tətbiq olunur.

Avtomobilin sahibi və ya sərəncam vermək hüququ olan şəxs, nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsin yanında olarsa, avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilə bilməz.

Habelə, Post Patrul Xidmətinin əməkdaşları bu barədə sizə heç bir irad tutmağa səlahiyyətləri çatmır. Bu tip iradları yalnız Yol Patrulu Xidmətinin müfəttişləri tuta bilər.

21:35 - 21.04.2024
Rüstəm

Salam əziz avtostop komandası. Sualım belədir: Yol tikinti ilə bağlı dövlət tenderdə iştirak edirəm. Bununla əlaqədar olaraq DYP tərəfindən texnikanın həbsi olmaması ilə bağlı müvafiq arayış üçün müraciət etmişəm. Lakin DYP-də bildiriblər ki, eyni zamanda texnika yenidən texniki baxışdan keçməlidir, halbuki zatən texniki baxışdan bir neçə ay öncə keçirilmişdir. Zəhmət olmasa məsələ ilə bağlı köməklik göstərərsiniz.

20:01 - 18.04.2024
Admin
AvtoStop admin

Nəqliyyat vasitəsinin eyniləşdirilməsi üçün texniki baxış aparıla bilər. Bunun üçün rüsum tələb edilməməlidir. Texniki müayinə ilə texniki baxış fərqli anlayışlardır.
Nəqliyyat vasitəsinin texniki müayinə talonu var və müddəti müəyyən olunmuş vaxtadəkdir.
Texniki baxış isə - nəqliyyat vasitəsinin mühərrik, şassi, ban nömrələri, rəngi və sair ünsürlərinin tutaşdırılaraq eyniləşdirmə prosesinin aparılmasıdır.

21:32 - 18.04.2024
Metin

salam. men avomibil aliram. avtomobili satan shexs menim heyat yoldashimin adina generalni etibarname verib. Heyat yoldashim avtomobili menim adima kechirmek uchun uchun hansi senedler lazim oldugunu ve butun odenilecek dovlet rusumlari barede melumat vermeyinizi xahish edirem

12:39 - 15.04.2024
Admin
AvtoStop admin

Tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqələriniz, avtomobilin qeydiyyat şəhadətnaməsi, alqı-satqı və ya bağışlanma müqaviləsi, həyat yoldaşınıza verilən etibarnamə, ödəniləcək ödənişlərin qəbzləri;

Rüsumlar:
1. Alqı-satqı və ya bağışlanma müqaviləsinə görə notariat xərci - 35+5.25 (40.25) manat - (yaxın qohumlar arasında);
2. Mühərrik həcminə görə dövlət rüsumu - 20 manat (mühərrik həcmindən asılı olmayaraq - yaxın qohumlar arasında);
3. Qeydiyyat şəhadətnaməsi rüsumu - 30 manat;
4. Yeni dövlət qeydiyyat nişanına (nömrəyə) ehtiyac olarsa - 30 manat;
5. Texniki müayinə (talonun müddəti bitibsə) - 30 manat;

QEYD: Texniki müayinənin müddəti bitməyibsə, avtomobilin ban və mühərrik nömrəsinə baxış keçirilməsinə görə rüsum ödənilmir və tələb oluna bilməz.
Habelə, avtomobilin utilizasiya haqqı kimi 20-40 manat tələb olunarsa, bu da əsassızdır, dövlət rüsumu haqqında qanuna əlavə edilmədiyi üçün tələb oluna bilməz.

Yuxarıda göstərilən müddəalar Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanunla tənzimlənir.

15:20 - 15.04.2024
Səhifələr: ...